İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “The Ritz-Carlton Baku” otelinin açılışında iştirak ediblər

19.12.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” otelinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, hündürlüyü 130 metr olan otel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton, Baku” otelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi otel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.

Qeyd edildi ki, binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Buradakı “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, oteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar “Qarabağ”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Tərtər”, “Xocalı”, “Füzuli”, “Zəngilan”, “Kəlbəcər, “Xankəndi”, “Xocavənd” və “Laçın” otaqlarıdır.

Bildirildi ki, binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Otelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə - tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib