North West tərəfindən “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı: CAREC Dəhliz 2” çərçivəsində inşa olunan A380 avtomagistralının 964 km-dən 1084 km-ə qədər olan 120 km-lik yol hissəsi uğurla tamamlanmışdır

07.11.2024

25 oktyabr 2024-cü il tarixində Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev qeyd olunan yol layihəsinin rəsmi açılış mərasimində iştirak etmişdir. Bu mühüm infrastruktur layihəsi Özbəkistanı Xəzər və Qara dəniz limanları vasitəsilə Avropa ilə birləşdirəcəkdir. Layihə nəqliyyatın səmərəliliyini artırmaqla yanaşı, səfər müddətinin əhəmiyyətli dərəcədə qısalmasına və sərhədlərarası ticarət imkanlarının genişlənməsinə səbəb olacaqdır.

Qeyd etmək lazımdır ki, CAREC 2 proqramı vacib bir regional təşəbbüsdür və North West-in baş podratçı kimi rolu strateji infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaşa çevrilməsidir. Təhvil verdiyimiz regional əhəmiyyətə malik bu yol layihəsi, iqtisadi inkişafa töhfə verir, ticarət, turizm və beynəlxalq əlaqələrin inkişafında yeni imkanlar yaradır.

North West, qlobal standartlara uyğun layihələr icra edərək, regional bazarlarda fəaliyyətini daha da genişləndirir. A380 Kungrad-Daut-Ata yolunun 120 km-lik hissəsinin uğurla tamamlanması fərqli iqlim və relyef quruluşlarında yüksək keyfiyyətli infrastruktur layihələrinin icrası bacarığımızın göstəricisidir.