"North West Construction"dan tələbələrə dəstək

07.12.2018

“North West Construction” MMC “Tələbə Təqaüd Proqramı - 2019” çərçivəsində Memarlıq və İnşaat Universitetində (MİU) və Bakı Mühəndislik Universitetində (BMU) IV kurs tələbələri ilə görüş keçirib.

Əvvəlcə “North West Constraction” MMC-nin Biznesin inkişafı departamentinin eksperti Orxan Cəfərov şirkət haqqında təqdimatda şirkətin fəaliyyətinə dair auditoriyaya məlumat verdi. Sonra İnsan resursları departamentinin mütəxəssisi və layihə koordinatoru Tural Hüseynov tələbə və müəllimlərə Proqram haqqında ətraflı məlumat verdi.

Görüşün sonunda ekspertlər tələbələri maraqlandıran sualları cavablandırdılar və şirkətin “Ağ Şəhər” layihəsinin rəhbəri Tural Babayev ölkəmizdə tikinti sektorunun inkişafı və tikinti şirkətində karyera qurmağın üstünlükləri barədə fikirlərini bölüşdü.

“North West Construction” MMC MİU və BMU-da təhsil alan IV kurs tələbələrinə aylıq təqaüd təklif edir. “Tələbə Təqaüd Proqramı-2019” müsabiqəsinin qalibləri ali təhsil aldıqları müddətin sonuna qədər aylıq təqaüd almaq, tikinti sahəsində müvafiq ixtisaslar üzrə biliklərini təkmilləşdirmək, korporativ tədbirlərdə, ictimai fəaliyyətlərdə iştirak etmək və həmçinin şirkətdə təcrübə keçmək və iş imkanları əldə edəcəklər.