Bakı Su Həftəsi

15.03.2024

12-14 mart 2024-cü il tarixlərində Baku Ekspo Mərkəzində keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi baş tutub. Sözügedən sərgi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil olunmuşdur. Sərgidə tikinti və qazma avadanlıqları; suyun təmizlənməsi və təchizatı; su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi; su ehtiyatlarının idarə edilməsində İKT; suyun duzsuzlaşdırılması texnologiyaları; fəlakətlərin idarə edilməsi texnologiyaları; laboratoriya avadanlığı; çirkab suları və yağış sularının axıdılması və təmizlənməsi sistemləri nümayiş olunmuşdur. Su və kanalizasiya şəbəkələri və sistemləri, suvarma sistemləri, nasos stansiyaları, Tullantı Su Təmizləyici Qurğuları, su kəmərləri kimi hidrotexniki infrastrukturların tikintisində böyük təcrübəyə malik North West Construction şirkəti bu tədbirdə xüsusi stendlə təmsil olunmuş, xüsusilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilmiş FİDİC əsaslı müqavilə əsasında Tərtər şəhərində inşa edilmiş Tullantı Su Təmizləyici Qurğusunun layihə maketini nümayiş etdirmişdir. Stendimiz açılış mərasimində iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və digər rəsmi şəxslər tərəfindən maraqla izlənilmişdir. Həmçinin, şirkətimiz tərəfindən icra edilən su ilə əlaqədar olan və digər bitmiş və dəvam edən layihələr haqqında ziyarətçilərə geniş məlumat təqdim olunmuşdur. Şirkətimizin stendi "Ən yaxşı layihə təqdimatı" nominasiyası üzrə sərginin qalibi seçilmiş və müvafiq sertifikatla təltif olunmuşdur.