“North West Construction” və Səudiyyə Ərəbistanı Krallığının “Albawani Co” şirkətləri arasında Anlaşma Memorandumu imzalanmışdır

20.12.2022

19 dekabr 2022-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan – Səudiyyə Ərəbistanı birgə investisiya forumu keçirilmişdir. Forumda hökumətlərarası müştərək komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih açılış nitqləri ilə çıxış etmişlər.

Forum çərçivəsində hər iki tərəfdən müxtəlif dövlət qurumları və müəssisələr barədə qısa təqdimat mərasimi keçirilmişdir.

Yekunda ölkələrarası əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələr üzrə Anlaşma Memorandumları imzalanmışdır. Səudiyyə Ərəbistanının “Al Bawani” şirkəti ilə “North West Construction” arasında hər iki ölkədə və digər regionlarda, tikinti və sənaye sahələrində əməkdaşlığını nəzərdə tutan Anlaşma Memorandumu imzalanmışdır.

Bu il fəaliyyətinin 15 illiyini qeyd edən “North West Construction” təsis edildiyi tarixdən etibarən qısa müddət ərzində həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə dövlət sifarişli və özəl investisiyalı kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur.

1991-ci ildə yaradılmış “Al Bawani” şirkəti hazırda Səudiyyə Ərəbistanının tikinti sektorunda fəaliyyət göstərən ən böyük podratçıların siyahısında ilk beşlikdə yer alır.