Ağdam şəhərinin yeni baş planına əsasən, şəhərin yenidən qurulmasına dəstək vermək üçün, su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi North West LLC tərəfindən uğurla icra olunur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə həyata keçirilən layihənin 18 ay ərzində başa çatdırılması planlaşdırılır. Layihəyə 10 000 m³ və 7 500 m³ tutumlu iki su anbarının və onların üzərində olan siyirtmə kameralarının tikintisi daxildir. 22 800 metr uzunluğunda DN 630x8 mm ölçüsündə olan magistral metal su kəməri çəkilir, 24 subartezian quyusunun qazılaraq tikintisi aparılır. Bununla yanaşı, gücü saatda 400 m³ olan nasos stansiyası və onun üzərində həcmi 500 m³ olan iki su anbarı və elektroliz qurğusunun inşası davam edir.
Layihəyə, həmçinin “Ağdam 1” və “Ağdam 2” yarımstansiyalarından müvafiq olaraq 3 250 metr və 9 400 metr uzunluğunda xarici elektrik xətlərinin çəkilməsi də daxildir. Effektiv idarəetmə və monitorinqi təmin etmək üçün anbar kompleksində “SCADA” sistemi tətbiq edilir. Əlavə olaraq, DN 710 mm-lik magistral xarici su təchizatının və 6 500 metr uzunluğunda polietilen su borularının tikintisi davam edir.




